Sabah İsveçin Yöteborq şəhərinin mərkəzində "Azərbaycan çadırı" qurulacaq

Dünən “Güney Azərbaycan Demokrat Partiyası”nın (GADP) İsveçdəki  sözçüsü Mahmud Bilgin bəy “Azadsoz.com”la əlaqə saxlayıb partiyanın məramı və fəaliyyət istiqamətləri barədə fikir və məlumatlarını bizimlə bölüşüb.
Mahmud Bilgin bəyin verdiyi bilgiləri qısa ixtisarla diqqətinizə təqdim edirik:
“Güney Azərbaycanda indiyədək hakim olmuş faşist, şovinist, anti-insani rejimlərin yürütdüyü siyasətlərin əsasında, millətimizi əsarətdə və müstəmləkə şəraitində saxlamaq üçün kimliyimizin danılması, özlüyümüzün itirilməsi, bizə qarşı aşağılama, dışlama, yabançılaşdırma, bir sözlə, zorakı assimilyasiya  xəttinin uyqulanması  durmuşdur.
Şovinizmin istər Pəhləvi, istərsə də İran İslam rejimi millətimizə hakim olduğu sürədə milli kimliyimizə və türklüyümüzə qarşı amansızcasına saldırmış, bizi bir toplum olaraq əridib yox etmək üçün imkanı daxilində olan bütün vasitələrdən yararlanmağa çalışmışdır...
Biz bu siyasətə qarşıyıq və nə qədər çətin olsa da, özgürlüyümüz naminə sonadək mübarizə aparmaq əzmindəyik...
Şənbə günü – 17 may 2014-cü il tarixdə İsveçin Yöteborq şəhərinin mərkəzində bir günlük – saat 8.00-dan axşam 20.00-a kimi “Azərbaycan çadırı” qurulacaq.
“Azərbaycan çadırı”nın qurulmasında əsas hədəfimiz İsveçliləri və isveçdə yaşayan azərbaycanlıları  İran hakimiyyətinin Urmiya gılünü qurutma istiqamətindəki siyasətinin Güney Azərbaycan və ətraf bölgələr üçün ekoloji təhlükə yaratması, eyni zamanda, Güney Azərbaycanlı siyasi məhbusların, o cümlədən,  Yürüş Mehrəlibəylinin 32-ci aclıq günü barədə bilgiləndirmək, Güney Azəbaycanda yaşayan 35 milyonluq türkün ana dilinə yasaq qoyulması siyasətinə qarşı imza toplamaq və bu imzaları Avropa Parlamentinə və ABŞ-da müəyyən orqanlara çatdırmaqdır.
Biz bu tədbirə Avropa Parlamentinin deputatlarını, İsveçdə olan partiyaların nümayəndələrini də dəvət etmişik...
Bu aksiyanın təşkilatçısı “Güney Azərbaycan Demokrat Partiyası”nın da daxil olduğu və Güney Azərbaycanın müxtəlif ictimai və siyasi qurumlarının birliyindən yaranmış “Güney Azərbaycan Alyansı”dır. Bu alyans iki ildir ki, yaranıb və indiyədək Avropa Parlamenti, insan haqq və azadlıqlarının müdafiəsi ilə əlaqəli çox sayda beynəlxalq təşkilatlarla sıx iş birliyi şəraitində çoxlu görüşlər keçirib”.
Mahmud Bilgin bəy, həmçinin, Azərbaycan mətbuatının, xüsusilə, yazılı KİV-lərin Güney Azərbaycana aid səhifələrində yetərincə yer ayırmamasından gileyli olduğunu və Azərbaycan KİV-lərindən umacaqlı olduqlarını da dilə gətirdi.
Azadsoz.com
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn